AzərbaycanPolitics

Güney Azərbaycan zindanlarında üç məhkum edam edilib

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, son iki gündə Güney Azərbaycanın Ərdəbil və Qəzvin şəhərlərinin zindanlarında biri qadın olmaqla üç nəfər edam edilib.

Fevralın 6-da qətldə günahlandırılaraq 3 il öncədən Ərdəbil zindanında saxlanılan Yusif və Behzad Təhəmtən adlı iki qardaş dar ağacından asılaraq edam edilib.

Bununla yanaşı eyni gündə qətl ittihamı ilə mühakimə edilmiş 23 yaşlı Xatun Həmidi Qəzvin zindanında asılıb.

“Ehtimal edilir ki, Xatun Həmidinin yaşı cinayətin işləndiyi zaman 18-dən aşağı olub. Bizə gələn məlumata əsasən, o, 5 il idi nişanlısını qətlə yetirmək ittihamı ilə həbsdə idi. Xatun nişanlısını sevmirdi.

Narkoman olan atası onu varlı adamla nişanlanmağa məcbur etmişdi”-deyə, deyə, insan haqları təşkilatının verdiyi məlumatda qeyd olunub.

Xatırladaq ki, son bir həftə ərzində Güney Azərbaycan zindanlarında 5 nəfərə qarşı dar ağacından asmaqla edam cəzası icra edilib.

Ötən həftə Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin zindanında da iki nəfər edam edilmişdi.

Qeyd olunan edamların üçü barədə İran hökumətinin rəsmi mediası və məhkəmə sistemi rəsmi məlumat verməyib.

Qeyd edək ki, İranın İnsan Haqları Təşkilatının bir neçə gün öncə yaydığı son hesabatında İranda edamların sayının xeyli artdığı, yanvar ayında İran zindanlarında 46 nəfərin asıldığı  bildirilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button