Azərbaycanİran

Güney Azərbaycan siyasi fəallarına qarşı çıxarılan hökmlərin qınanması bəyanatı

Dərin təəssüf və narahatlıq hissi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Salavatinin rəhbərliyi altında Güney Azərbaycan siyasi fəallarına qarşı çıxarılan ədalətsiz və amansız hökmləri qınayırıq.

“Toplaşma və əlbir olma”, “casusluq” kimi əsassız ittihamlarla illərlə həbs cəzası verməklə, İran İslam Respublikasının Güney Azərbaycan fəallarına qarşı qeyri-qanuni və repressiv siyasətini bir daha ifşa edir.

Bu həbslər ötən ilin bəhmən ayında İranın təhlükəsizlik qüvvələrinin müxtəlif Azərbaycan şəhərlərində həyata keçirdiyi koordinasiyalı əməliyyatlar zamanı baş verib və ağır zorakılıq və işgəncələrlə müşayiət olunub. Təqsirləndirilən şəxslər qeyri-qanuni şəkildə həbs edilərək işgəncələrə məruz qaldıqları kimi, onların ailələri də bu cinayətləri ifşa etməmələri üçün təzyiq və təhdidlərlə üzləşib.

Bu ədalətsiz hökmlərdə Hüseyn Piri 5 il, Əbdüləziz Əzimi Qədim 6 il, Vüdud Əsədi 5 il, Araz Aman, Baqir Hacızadə və Ayaz Seyfxah hər biri 13 il həbs cəzasına məhkum edilib. Kəmal Nuri isə 3 il həbs cəzası alıb, Tahir Nəqəvi və Mürtəza Pərvinin hökmləri isə hələ də rəsmi şəkildə elan olunmayıb. Bu ağır cəzalar yalnız türk millətinin hüquqlarını müdafiə etmək və türklərə qarşı sistematik ayrı-seçkiliyə son qoymaq uğrunda dinc mübarizə aparmaqdan ibarət olan fəaliyyətlərinə görə verilib.

Bu hökmlər yalnız Azərbaycan milli hərakatı fəallarının ağır təzyiqlərlə üzləşməsini göstərmir, eyni zamanda İranın türk millətinə qarşı həyata keçirdiyi ayrı-seçkilik siyasətinin və insan hüquqlarının pozulmasının bariz nümunəsidir. İran İslam Respublikası illərdir həbs və işgəncə də daxil olmaqla müxtəlif vasitələrlə bərabərsizliyə və ədalətsizliyə qarşı etiraz səslərini boğmağa çalışır. Öz mədəni və dil kimliklərini qorumaq, ədalət və bərabərlik tələb etməkdən başqa məqsədi olmayan Azərbaycan milli hərakatının siyasi fəalları daima bu repressiv siyasətlərin qurbanı olublar.

Bu məhkəmə və təhlükəsizlik təzyiqlərindən əlavə, Azərbaycan milli hərakatı fəallarına və İranda məzlum durumda olan digər xalqlara qarşı təzyiq və təhdidlər getdikcə artmaqdadır. İran rejimi təhdidlər və həbslər də daxil olmaqla müxtəlif metodlarla Azərbaycanın milli fəallarının haqlı mübarizə və dinc etirazlarını boğmağa çalışır. Bu təzyiqlər dövlətin televiziya və mətbuat orqanları vasitəsilə türklərin kimliyinə qarşı təhqirlər və alçaltmalarla müşayiət olunur. Hər gün İranın müxtəlif media platformalarında türk millətinə qarşı irqi ayrı-seçkilik xarakterli hücumların artması, Güney Azərbaycanın milli kimliyini və iradəsini zəiflətmək məqsədi daşıyır.

Eyni zamanda İran İslam Respublikası türk dilinin sistematik şəkildə sıxışdırılması və yasaqlanması ilə də türk millətinin mədəni və dil kimliyini məhv etməyə çalışır ki, bu da irqçi siyasətlərin davam etdiyini açıq şəkildə sübut edir.

Biz, Güney Azərbaycanın siyasi təşkilatları olaraq, bu hökmləri və repressiv hərəkətləri şiddətlə qınayırıq və bildiririk ki, belə təzyiqlər və insan hüquqlarına zidd davranışlar məzlum xalqların haqlı mübarizəsini susdura bilməyəcək, əksinə, Güney Azərbaycan türk millətinin milli və insani haqlarını müdafiə etmək əzmini daha da gücləndirəcəkdir.

Biz bu ədalətsiz və ayrı-seçkilik xarakterli hökmləri qınayır və Azərbaycan siyasi fəallarının dərhal azadlığa buraxılmasını, türk millətinə qarşı repressiv siyasətlərin dayandırılmasını tələb edirik.

Bütün insan hüquqları təşkilatlarını, beynəlxalq qurumları və dünya ictimaiyyətini bu ədalətsiz hökmləri qınamağa və siyasi məhbusların vəziyyətini izləməyə, İran İslam Respublikasına insan hüquqlarına riayət etmək, irqi, dil və mədəni ayrı-seçkiliyə son qoymaq və bütün siyasi məhbusları azad etmək üçün təzyiq göstərməyə çağırırıq.

Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkəti – AZOH
Güney Azərbaycan Demokrat Partisi – GADP

Related Articles

Bir cavab yazın

Back to top button