Dünya

ERMƏNİSTAN UKRAYNALILARIN QANI ÜZƏRİNDƏN PUL QAZANIR… – Paşinyanın “dəvəquşu siyasəti” ifşa edildi

Ermənistan hakimiyyəti hər nə qədər özünü qərbpərəst göstərməyə çalışsa da, Rusiyanın orbitində olduğunu, xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsində Kremlə hər cür logistik dəstək verdiyini, ona sanksiyalardan yayınmaqda kömək etydiyini gizlədə bilmir. Bunu həm Qərbdə, həm də Ukraynanın özündə yaxşı görürlər...

Ukraynanın populyar gündəlik nəşrlərindən olan KP.UA.(Komsomolskaya Pravda Ukraina) Ermənistan hakimiyyətinin ikiüzlü siyasətini ifşa edən yazı dərc edib.

Yazıda deyilir: “İrəvanın Avropa İttifaqına doğru mümkün dönüş barədə bəyanatlarına və Baş nazir Nikol Paşinyanın “Ukrayna ilə bağlı vəziyyətdə biz Rusiya ilə müttəfiq deyilik” vədlərinə baxmayaraq, Ermənistan hakimiyyəti işğalçı Rusiya Federasiyası ilə əməkdaşlığın həcmini artırmaqda davam edir.

Oktyabrın 7-8-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iki birgə bəyanatını imzalamaqdan imtina edən Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın son siyasi hərəkəti Ermənistanla Rusiya arasında rekordlar qıran ticarətin real artımı ilə üst-üstə düşmür. Ticarət-iqtisadi əlaqələr çox enerjili və uğurla inkişaf edir. Keçən il bu iki ölkənin ticarət dövriyyəsi 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2,5 dəfə artaraq 8,3 milyard dolları ötüb. Beləliklə, bu il ümumi dövriyyə 14-16 milyard dollara çata bilər. Bu, rekord göstəricidir. Bunu Rusiya diktatoru Putin oktyabrın 8-də Moskvada Paşinyanla görüşündə deyib.

Beləliklə, Ermənistanla Rusiya Federasiyası arasında 2020-ci ildə cəmi 2,3 milyard dollar olan ticarət dövriyyəsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı illərində 6 dəfədən çox artıb. Ermənistan Qərbin anti-Rusiya sanksiyalarına qoşulmur və ikili təyinatlı malları silah istehsalı üçün istifadə edən Rusiya Federasiyasına təkrar ixrac etməklə pul qazanır.

“The Economist” yazır ki, 2023-cü ildə Ermənistan Avropadan 2021-ci ilə nisbətən iki dəfə çox kimyəvi maddə, beş dəfə çox İT avadanlığı və dörd dəfə çox elektronika idxal edib.

“New York Times” qəzetinin məlumatına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün ilk ilində Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dən 515%, Aİ-dən isə 212% çox çip və prosessor idxal edib. İrəvanla Moskva arasında ticarət dövriyyəsinin artması da bununla izah olunur. Belə ki, bu artım sadəcə olaraq Moskvanın Qərbin sanksiyalarından yan keçməsi fonunda yaranan görüntüdür.

 

 

 

Bütün bunların fonunda Ermənistan hakimiyyəti Ukrayna ilə təmaslara çox ehtiyatla yanaşır ki, bu da elan edilmiş “Avropa vektoru”na uyğun gəlmir.

Genişmiqyaslı müharibənin üçüncü ilində Ermənistan və Ukrayna hələ də yalnız qondarma “siyasi məsləhətləşmələr” formatında əməkdaşlıq edirlər.

Ermənistan iyunda İsveçrədə keçirilən Sülh Sammitinin kommünikesini imzalamaqdan da imtina edib. Daha sonra Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan bildirib ki, “bizim regionda hazırda vəziyyət çox qeyri-sabitdir, çoxlu təhlükələr var”.

Göründüyü kimi, Paşinyan hökumətinin “dəvəquşu siyasəti” özünü o qədər də doğrultmur. Hər nə qədər başını qumda gizlətməyə çalışsa da, bütün eybəcərlikləri çöldə qalır…

Related Articles

Bir cavab yazın

Back to top button