Pərviz Yari
“Əbdülrəhman Tayyar Quluncu” (Dədə Katib), arif, şair və İranın Sünni Hənəfi alimlərindən biri 1925-ci cü ildə Urmiyə şəhərinin batısındakı Quluncu kəndində anadan olmuşdur. Atası “Hac Cəfər” əkinçi və bölgədə tanınmış bir şəxs idi və anasının adı “Nabat xanım” idi.
Əbdülrəhman ilk təhsilini doğma kəndinin yaxınlığında, Gulehan kəndindəki Fransız Missionerlik Məktəbində başladı. Yeniyetmə ikən Osmanlı alimlərindən irfan və dini elmləri öyrənmək üçün atasının sifarişi ilə Türkiyənin Tatvan şəhərinə getdi. Bu dövrdə Əbdülrəhman fiqh və hədis və qrammatika elmini öyrənmiş, ərəb dilini Misir və İraq üslubunda mənimsəmiş və Quranın təfsirçisi olmuşdur. Əslində Əbdülrəhmanın atası oğlunun tam bir din alimi olması ilə maraqlanırdı; Amma o fərqli bir yol tutdu və bir çox həmkəndliləri kimi təsəvvüfə və şeirə üz tutdu.
Quluncu, Batı Azərbaycan əyalətinin ən böyük Sünni Hənəfi kəndi və bir çox tanınmış Azərbaycanlı şair və aşıqlarının doğulduğu yerdir.
Əbdülrəhman Tayyar Quluncu 25 yaşında şeir yazmağa daha ciddi başladı və “Katib” ləqəbini seçdi. Şeirlərinin İran Azərbaycanlıları ilə İraq və Türkiyə Türkləri arasında populyarlaşması çox uzun çəkmədi. İllər sonra, Katibin Türkiyənin Qonya şəhərində olmasından sonra, şəhər ədəbi məclisinin şairləri onun üçün “Dədə Katib” ləqəbini seçdilər. Əbdülrəhman da ömrünün sonuna qədər bu ləqəbi istifadə etmişdir.
Türk mədəniyyətində “Dədə” ifadəsi fars dilində “Pir Tariqat” sözünə bərabərdir. Bu ad yüksək mənəvi və dini statusa malik insanlara aiddir.
“Dədə Katib” İranın Sünni Türklərindən biri idi və eyni zamanda lider və Sünni Hənəfi alimi kimi tanınırdı. Lakin o, heç vaxt Azərbaycan xalqı arasında öz nüfuzundan və sosial statusundan məzhəbini təbliğ etmək üçün istifadə etməmişdir. Batı Azərbaycan xalqına görə, Dədə Katib barış, qardaşlıq və irfani xatırlatdı. Dinlərə və məzhəblərə fərqli və bənzərsiz yanaşması Dədə Katibi təkcə sünni Türklər arasında deyil, həm də Azərbaycan Türk ədəbiyyatı ilə maraqlanan hər kəs arasında çox sevilən bir şəxsiyyət halına gətirdi.
İranda sünni Türk ardıcıllarının sayı ilə bağlı dəqiq bir statistika yoxdur. İrandakı sünni Türklər ümumiyyətlə Urmiyə, Salmas və Xoy şəhərlərindəki Razi sərhəd bölgəsində və ətraf kəndlərdə yaşayırlar. Bundan əlavə, Gilan əyalətindəki Talış bölgəsinin bir hissəsi sünni Türklərə ev sahibliyi edir.
Dədə Katebin şeirləri mistisizm və nəsihətlərlə doludur və ictimai, dini və mədəni mövzular əsərlərində incə və gözəl şəkildə təzahür edir və şeirləri Azərbaycanın bir çox şairləri üçün ilham mənbəyinə çevrilib. İndi bu tanınmış şairin şeirləri Azərbaycan xalqının, özəlliklə İran-Türkiyə sərhədinin hər iki tərəfindəki sünni Türklərinin şifahi ədəbiyyatının bir hissəsinə çevrilib.
Dədə Katib, şeirlərində “Nizami Gəncəvi”, “Rumi”, “Hakim Məhəmməd Füzuli”, “Balovlu Miskin”, “Dollu Mustafa”, “Məhəmmədhüseyn Behcət Təbrizi”, “Qazi Məhəmməd Bozqurt” və “Xəstə Qasım” şeirlərindən təsirlənmişdir.
Türk, fars, ərəb, kürd dillərini mükəmməl bilirdi. Dədə Katibin şeirlərinin çoxu Azərbaycan Türkcəsində olsa da, İstanbul Türkcəsində şeirləri də var.
İndiyə qədər Dədə Katib tərəfindən “İncili Sədəf”, “Urmu Gölü “, “Günümüz Aydın” və “Eşq və İrfan” adlı dörd kitab nəşr edilmişdir. “Eşq və İrfan” kitabı Türkiyənin Qonya şəhərində latın əlifbası ilə nəşr edilib.
Dədə Katibin şeirləri aşıq ədəbiyyatına yeni və təzə ruh verən “hecalı” şeirlərin nadir nümunələridir. Bu şeirlər aşıq sənətçiləri tərəfindən aşıq musiqisinin ifasında geniş istifadə olunur. Aşiqlər arasında bu şairin şeirlərinin xüsusi yeri bəzilərinin onu “Azərbaycan aşıqlarının atası” adlandırmasına səbəb olmuşdur. Dədə Katib eyni zamanda “Urmiyə bölgəsi”nin aşıq musiqisinin ən təsirli şairlərindən biridir.
Araşdırmaçı və “İran Türklərinin aşıq mühitləri” kitabının müəllifi Əli Qafqazyalı İrandakı aşıq musiqini yeddi bölgəyə bölmüşdür. “Təbriz-Qaradağ”, “Urmiyə”, “Sulduz-Qarapapaq”, “Zəngan”, “Qum-Save”, “Xorasan-Türkmən Sahara” və “Qaşqay”, Qafqazyalı baxımından bu yerlər yeddi Aşiq bölgəsidir.
Dədə Katibin Farıs və Fuad adlı iki övladı da müasir şair və yazıçılardır. Farıs Tayyarın (Katib oğlu) atası kimi şeirləri əsasən hecalı şeirləri sahəsindədir və Fuad Tayyar yazıçı və “çağdaş” dönəm şairidir.
Dədə Katib 84 illik həyatından sonra 20 Mart 2009 -cu ildə Urmiyədəki Azərbaycan Xəstəxanasında vəfat etdi. Ömrünün son altı onilliyində bir neçə dəfə tutuldu və həbs cəzasına məhkum edildi, hətta rejimin təhlükəsizlik tədbirlərinin qarşısını almaq üçün bir müddət İranı tərk edərək Türkiyədə yaşamaq məcburiyyətində qaldı.
Bu böyük şair və Azərbaycan ədəbiyyatının nüfuzlu siması vəsiyyətinə görə doğulduğu Quluncuda dəfn edildi. Dədə Katibin ölüm günü “Dünya Ana Dili Günü”nə təsadüf edir. Təhlükəsizlik orqanlarının tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, bu görkəmli şairin və dini liderin ildönümüdə hər il ölkənin müxtəlif yerlərindən gələn vətəndaşların iştirakı ilə məzarının yanında anma mərasimi keçirilir.