AzərbaycanMəqalələr

“Dilimiz, Varlığımızın Təməl Daşı”- Hacər İbrahimidinvər

Illərdir Ana dili haqda bir sürü çalışmalar gedir. yazılar yazılır və ana dilinin özəlliklə biz güney Azərbaycan türkləri üçün əhəmmiyyəti vurqulalanır.

Və bu çalışmalara baxmayaraq, hələ də ana dilimizin qorunması və inkişafı üçün lazım olan dəstək, səylər kifayət qədər deyil. bu vəziyyət dilimizin gələcək nəsillərə çatdırılmasında ciddi təhlükə yaradır və ana dilimizin zənginliyi ilə bərabər milli kimlliyimizin də qorunması üçün daha çox iş görülməsi vacibdir.

Dilimizin tarixi keçmişinə nəzər saldıqda, Türk Bilgə Xaqanın bengü daşlarına həkk olunmuş müqəddəs sözləri həm məzmun, həm də dövrün dil və ədəbiyyat səviyyəsi baxımından həyəcanlandırır. İlk yazılı sənədlərimiz olan Orxun Abidələri türk dilinin 1300 illik tarixinə şahidlik edir. Bu abidələr, dilimizin nə qədər köklü və zəngin olduğunu göstərir. Abidələrin məzmunu xalqın yaşam tərzini, dövrün sosial-siyasi vəziyyətini və qədim türklərin dünyagörüşünü əks etdirir. Orxun yazıları, təkcə ədəbi əsərlər deyil, eyni zamanda qədim türk cəmiyyətinin yüksək mədəniyyət səviyyəsinin sübutudur. Bu yazılar, həmçinin türk millətinin birlik və bərabərliyinə çağırışlar edir, dövrün siyasi mübarizələrini və dövlət idarəetmə prinsiplərini də özündə cəmləşdirir.

Çinli filozof Konfüçyusun “Bir milləti məhv etmək üçün silaha ehtiyac yoxdur. Dilini unutdurmaq kifayətdir.” sözləri, dilin millət üçün nə qədər önəmli olduğunu vurğulayır. Hər millətin kimliyi və mədəniyyəti onun dili ilə bağlıdır. Dilini itirən bir millət, zamanla kimliyini və mədəniyyətini də itirir.

Dil, bir millətin kimliyini, tarixini və mədəniyyətini nəsildən-nəslə ötürən ən güclü vasitələrdən biridir. Bir millətin dili onun düşüncə tərzini, dəyərlərini və dünyagörüşünü əks etdirir. Bu səbəbdən dilin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ən doğru şəkildə ötürülməsi həyati əhəmiyyət kəsb edir.
Türk dilimiz zəngin keçmişə sahib, köklü bir dildir. Lakin bu gün asimilasiya siyasəti təsiri ilə dilimizdə xarici sözlərin artması və dilin saflığının pozulması kimi təhlükələrlə üz-üzəyik. Bu təhlükələrdən qorunmaq üçün dil şüurunun gücləndirilməsi vacibdir. Bu şüur yalnız dilin düzgün və gözəl istifadəsi ilə məhdudlaşmamalı, həm də dilin milli kimliyimizin və mədəniyyətimizin bir parçası olduğu anlayışını da ehtiva etməlidir.
Təhsildə, mediada və gündəlik həyatda dilimizin düzgün və effektiv şəkildə istifadəsi təşviq edilməlidir. Gənclərimizə dil sevgisi aşılanmalı, onlara türk dilinin zənginliyi və gözəllikləri tanıdılmalıdır. Beləliklə, dilimizi gələcəyə daşımaq və onu xarici təsirlərdən qorumaq mümkün olacaqdır.

Ana dilini öyrənmək güclü şəxsiyyətə sahib olmaq deməkdir. Ana dili, insanların düşüncə tərzini, duyğularını və mədəniyyətini formalaşdırır. Dil, duyğuların və düşüncələrin nəsildən-nəslə ötürülməsi vasitəsidir və Türk Dünyasında keçirilən hər cür mədəni fəaliyyətin əsasını təşkil edir.

Biz Türklər üçün necə ki vətən müqəddəsdir və qorunmaya ehtiyacı var dil də müqəddəs və qorunmağa möhtacdır.
Vətənə eşikdən saldırı olsada, dilə hər zaman içəridən saldırı olar. Ağacı qurd içindən yeyər misalı. Məsələn, bu gün bizim ölkədə xarici güclər doğma dilini öyrənmədən uşaqlara ingiliscə təhsil almalarını şərt qoymur ya da sistem zorla sosial şəbəkələrdə yazılarımızı farsca paylaşmağa məcbur etmir. Əlbəttə ki, məktəblərdə farsca oxumaq bizlər üçün məcburidir, amma evə gəlib zorla uşaqlarınızı farsca danışdırın deyən yoxdur. Yaxud zorla ağzımıza girib “xooob” ya “Are” sözünü yerləşdirmirlər.

Bütün bunlar insanların öz istəyi ilə həyata keçirdiyi və bunu edərkən də mutlu olduğu cahillik daşıyan bir əməldir. Təəssüf ki, türk dili türklərdən çox çəkəcəyi vardır. Buna görə də millətimizə vətən bilinci verərkən dil bilinci də verilməlidir. Dil bilinci olmayan toplumun vətən və millət bilinci də yetərsiz olar. Dilimiz, kimliyimiz və mədəniyyətimizin ən önəmli daşıyıcısıdır. Buna görə də dilimizi qorumaq və yaşatmaq, millət olaraq var olmağımızın ən vacib şərtlərindəndir.

Related Articles

Bir cavab yazın

Back to top button