Dünyada yeganə bir yer var ki, siz onun haqqında eşitməmisiniz və burada “Uzunömürlülər Muzeyi” var. Bu Azərbaycanın cənubunda yerləşən Lerikdir.
Bu barədə CNN-də dərc olunan məqalədə bildirilir.
Agentlik dünyanın bir çox ölkələrinin, əsasən, uzunömürlü sakinləri ilə məşhur olduğunu xatırladır:
“Məsələn, Yaponiyanın Okinava adası gümrah sakinlərinə görə “Ölümsüzlər torpağı” adını alıb. İtaliyada “Əbədiyyət kəndi” kimi tanınan Kampodimela aralıq dənizi yeməklərinin möcüzəsinin canlı şahididir. Kaliforniyanın günəşli Loma Linda şəhəri də bu deyilənlərdən geri qalmır”.
Müəllifin sözlərinə görə, Azərbaycanda Lənkəran və Dağlıq Qarabağın sakinlərinin üç rəqəmli ömür sürməsinə baxmayaraq, məhz Lerikdə daha uzunömürlü sakinlərin yaşadığı vurğulanıb.
“Talış dağlarında, buludların üzərində yerləşən zümrüd torpaqlarda insanlar uzun və sağlam yaşamağın sirrini deyəsən tapıblar”, – deyə müəllif bildirib.
Məqalədə, həmçinin, 1991-ci ildə açılan və 2001-ci ildə restavrasiya edilən, içərisində regionun ən yaşlı sakinlərinin həyat və xatirələrinin əks olunduğu, 2000-dən artıq eksponatın olduğu “Uzunömürlülər muzeyi”ndən, oradakı üç nəslə qulluq edən məişət əşyalarından, yaylıqlar və paltarlarla dolu olan sandıqlardan, gümüş qablardan, üstündən uzun illər keçməsinə baxmayaraq rəngi solmayan toxunma corablardan, xalçalardan söz açılıb.
“Bundan başqa, Azərbaycan və rus dilində yazılan məktublar, hətta çernillərin yoxa çıxmaq üzrə olduğu şəxsi artefaktlar var”, – deyə müəllif əlavə edib.
Bütün bunlarla yanaşı, muzeyi ən çox cazib qılan məsələnin – uzunömürlülərin divardakı portretləri göstərilib. Bildirilir ki, 1930-cu il çəkilən bu şəkillər fransız fotoqraf Frederik Laçop tərəfindən hədiyyə olunub.
Agentlik, həmçinin, 168 il yaşamış çoban Şirəli Müslümovdan da yazıb.
“Onun pasportunun sarı vərəqlərində onun doğum tarixi 1805-ci il göstərilib. Əgər bu doğrudursa, o, indiyə qədər məlum olan ən uzunömürlü şəxs olub… Müxtəlif illərdə onun ad günündə göndərilən məktublar Müslümovun həqiqətən də uzun ömür sürdüyünə şahidlik edir. Müslümovla yazışanlar arasında Vyetnamda kommunistlərin lideri Xo Şi Min də olub, hansı ki, ona “əziz baba” müraciəti ilə başlayan açıqcalar göndərirdi”.
Bu uzunömürlülük geni deyəsən bu günə qədər hələ də ailədə fəaliyyət göstərir. Belə ki, Müslümovun 95 yaşlı qızı Həlimə Qəmbərova CNN-ə bildirib ki, atası kimi 168 il olmasa da, ən azı babası kimi 150 il, yaxud xalası kimi 130 il yaşamaq ümidindədir”.
Müəllifin sözlərinə görə, pasportunda təvəllüdü kimi 1924-cü il qeyd olunan Qəmbərova 95 yaşına baxmayaraq, hələ də zarafatından qalmır: yaşını soruşanda 15 deyə cavab verir.
Məqalədə bu regionda uzunömürlüyün sirri kimi əqli sakitlik göstərilir: “Onlar stresdən uzaq durur, həyat barədə fəlsəfi düşünürlər, gələcəyi planlaşdırmadan, ya da sabah barədə narahatlıq keçirmədən bu günü yaşayırlar”.
Bundan başqa, müəllif geniş yayılmış düşüncələrin əksinə Lerikdə uzunömürlülərin ət məhsulları yediyini vurğulayıb, şor, kərə yağı, süd və ayrandan söz açıb, müxtəlif otlarla dəmlənən çayların faydasından danışıb:
“Uzun ömürlüyün sirri düzgün qidalanmada, bulaq sularındakı minerallarda, xəstəliklərin qarşısının alınması üçün çaylara əlavə edilən otlardadır. Doğurdan da Qəmbərovanın qızı anasının heç bir zaman dərman istifadə etmədiyini vurğulayıb”.
Məqalədə Müslümovun qızından başqa, Leriyin digər uzunömürlü sakini 103 yaşlı Məmmədxan Abbasovdan da yazılıb. Görmə və eşitmə qabiliyyətini demək olar ki, itirən qocanın onların gəldiyini bilən kimi xeyir-dua verməsindən danışan müəllif, onun 7 il əvvələ kimi tarlada işlədiyini vurğulayıb.