Site icon Aznews TV

Çavuşoğlu: “Sülh və sabitliyin yolunun Türkiyədən keçdiyini dost da, düşmən də gördü”

“9 noyabr gecəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanatla atəşkəs rejimi elan etdilər. Sizlər də gördünüz, bəyanat Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandı”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

Nazir bildirib ki, o özü bu coşquya Bakıda şəxsən şahid olub.

O, üçtərəfli birgə bəyanatı dəstəklədiklərini vurğulayıb.

“Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu bəyanatla bir daha təsdiq edildi. İkincisi, Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını geri alır. Torpaqların bir qismini əks-həmlə əməliyyatı ilə aldı, bir qismini isə razılaşma çərçivəsində geri alır. Üçüncüsü, işğal altındakı Azərbaycan torpaqlarından çıxmaq məcburiyyətində qalan qardaşlarımız evlərinə geri qayıda biləcək. Dördüncüsü, Naxçıvanla Azərbaycan arasında əlaqələr qurulacaq. Biz də Azərbaycanın tələbi əsasında bu atəşkəsin və anlaşmanın icra olunmasına nəzarət etmək məqsədilə meydanda olacağıq. Bu məqsədlə parlamentimiz tərəfindən müvafiq qərar qəbul edilib. Bunun üçün üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması məqsədilə 11 noyabrda Rusiya ilə ayrıca memorandum imzaladıq. Anlaşmanın orta və uzun müddətdə bütün bölgənin və bu çərçivədə Ermənistanın da xeyrinə olacağına inanırıq. Sülh və sabitlikdən hər kəsin faydalanmasını istəyirik. Ölkəmiz 30 illik münaqişədə bu şəkildə tarixi bir inkişafın təmin edilməsində mərkəzi rol oynayıb. Regionda bizim iştirakımız olmadan oyun qurulmayacağını, sülh və sabitliyin yolunun Türkiyədən keçdiyini dost da, düşmən də bir daha gördü. Bundan sonra da qardaş Azərbaycanın haqlı davasını dəstəkləməyə davam edəcəyik”, – deyə M. Çavuşoğlu qeyd edib.

Exit mobile version