Bu gün çağdaş Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. 10 noyabr tarixi Türkiyədə Atatürksevərlər tərəfindən Atatürkün Anım Günü kimi qeyd olunur. Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Cümhuriyyət Xalq Partiyasının (CHP) qurucusu və ilk başqanıdır. Həyatı və ictimai-siyasi fəaliyyəti ən çox tədqiq edilən 100 tarixi şəxsiyyətdən biridir. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabiti kimi uzun müddət qulluq edən Mustafa Kamal Paşa 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edib. Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir. O daha sonra, çağdaş Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib.
Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.
Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafi Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.