Dünyaİran

Beynəlxalq kinematoqrafçılar Cəfər Pənahinin həbsinə və İran kinematoqrafçılarına təzyiqlərə etiraz ediblər

Sentyabrın 9-u axşam Venesiya Film Festivalında İranda həbsdə olan kinorejissorlara dəstək üçün xüsusi mərasim keçirilib.

Bu tədbir güney azərbaycanlı Cəfər Pənahinin “Xers nist” filminin nümayişi üçün xüsusi qırmızı xalça formasında keçirilib və 2022-ci il Venesiya Film Festivalının münsiflər heyətinin rəhbəri Julien Mure, Sally Potter ilə birlikdə britaniyalı kinorejissor Audrey Divan, fransız kinorejissor və Venesiya Film Festivalının katibi Alberto Barbera Cəfər Pənahi, Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin şəkillərini daşıyaraq İranda həbs olunmaları və onlara edilən təzyiqlərə simvolik olaraq etiraz ediblər.

İki ay əvvəl Cəfər Pənahi “rejim əleyhinə təbliğat” ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun “Ağ şar”, “Dairə” və “Taksi” kimi əsərləri İrandan kənarda keçirilən kinofestivallarda mükafatlar alıb.

“Yaratdığımız əsərlər sifariş əsasında olmadığına görə, hökumətin gözündə cinayətkar sayılırıq. Bəzi rejissorlara film çəkməyə icazə verilmir, bəziləri isə mühacirətə getməyə məcbur olub və ya tamamilə təcrid olunublar. Ancaq yeni əsərlər yaratmaq ümidi yaşamağa səbəbidir”-deyə, Cəfər Pənahi və Məhəmməd Rəsulov bir müddət əvvəl zindandan verdikləri birgə bəyanatda bildiriblər.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da polisə “Silahını yerə qoy” çağırışı edən kinematoqrafçılar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kino xadimi ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Pənahi saxlanıldıqdan bir neçə gün sonra İran məhkəmə sisteminin sözçüsü Məsud Setayişi onun 6 illik həbs cəzasını çəkmək üçün Evin zindanına köçürüldüyünü deyib.

O, rejissorun “toplaşma və əlbir olmaq” və “sistemə qarşı təbliğat”da ittiham olunduğunu və 6 illik həbs cəzası qərarının dəyişməyəcəyini bildirib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

Related Articles

Bir cavab yazın

Back to top button