Site icon Aznews TV

“Bayden Rusiya ərazisinin vurulmasına icazə verəcək…” – 10 ölkə Ukrayna üçün “yaşıl işıq” yandırıb

“Aznewstv” xəbər verir ki, bunu “The New York Times” nəşri Baydenin adı çəkilməyən müşavirləri ilə söhbətindən sonra yazıb. Yazıda qeyd olunur ki, artıq Baydenin mövqe dəyişikliyi qaçılmazdır. Qəzet qeyd edir ki, bu addım çox güman ki, Rusiya ərazisində mülki hədəflərə deyil, yalnız hərbi hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadə tələbi ilə müşayiət olunacaq.

Administrasiyadakı mənbənin bildirdiyinə görə, Ağ Ev artıq Ukrayna Silahlı Qüvvələrinin onun hərbi yardımından istifadəsinə dair mövcud məhdudiyyətləri “nəzərdən keçirilməsi üçün rəsmi və sürətləndirilmiş prosedura” başlayıb.

Bu arada “Politico” nəşri də adı açıqlanmayan ABŞ rəsmisinə istinadla yazır ki, Bayden administrasiyası Kiyevin Rusiyaya Amerika silahları ilə zərbə endirməsinə icazə verilməsi imkanını müzakirə edir.

Qeyd edək ki, artıq on Qərb ölkəsi Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərinə atəş açmasına icazə verib. Bu təşəbbüsü Fransa, Böyük Britaniya, Hollandiya, Polşa, İsveç, Finlandiya, Çexiya, Litva, Latviya və Estoniya dəstəkləyib.

Mayın 28-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell də bildirib ki, Ukrayna ordusunun Rusiya ərazisinə zərbələri beynəlxalq hüquq normalarına uyğundur. Eyni zamanda o, vurğulayıb ki, hər bir təchizatçı ölkə Kiyevin Rusiyadakı hədəflərə qarşı silah istifadəsinə icazə verib-verməməsinə müstəqil şəkildə qərar verməlidir.

Bir müddət əvvəl ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit Kiyevin Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıra biləcəyindən danışaraq, “Vaşinqton administrasiyasının Rusiya ilə hərbi əməliyyatların necə aparılması ilə bağlı yekun qərarları Ukraynanın öhdəsinə buraxdığını” bildirib.

Oxşar bəyanatı bu gün Kanadanın Xarici İşlər naziri Melanie Joly də verib və qeyd edib ki, Ottava Kiyevə ona ötürdüyü silahların istifadəsini məhdudlaşdırmır.

Bütün bunlar ondan xəbər verir ki, Kiyev yaxın zamanda Rusiyadakı hərbi hədəfləri Qərb raketlərilə birbaşa vura biləcək. Bu isə bir yandan eskalasiyanı yüksəltsə də, digər yandan Ukrayanın müdafiə imkanlarını xeyli artırmış olacaq.

Exit mobile version