AzərbaycanİranMəqalələr

Azərbaycanın güneyində fəaliyyət göstərən ziyalılarımız – Məhəmməd Əmin Rəsulzadə (1884-1955)

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biridir. O, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri olmuş, Milli istiqlal hərəkatına başçılıq etmişdir.

1909-cu ilin əvvəllərində xüsusi tapşırıqla İrana gedən M.Ə.Rəsulzadə inqilabi fəaliyyətini burada davam etdirmiş, tezliklə şahlıq üsuli-idarəsinə qarşı başlamış məşrutə hərəkatının əsas rəhbərlərindən birinə çevrilmişdir. O, İranda özünün ictimai-siyasi fəaliyyətinə başlayanda artıq Qafqazda tanınmış siyasi xadim idi. Hələ Bakıda ikən İran azadfikirliləri ilə əlaqə saxlamış, orada cərəyan edən hadisələri yaxından izləmiş, İrana elə ilk səyahətində Rəştə gəlmiş, Gilan inqilabi hərəkatına qoşulmuş və Gilan mücahidləri ilə birlikdə Tehranın fəthində iştirak etmişdir.

Güney Azərbaycanın həyatı, xalqın güzəranı ilə yaxından tanış olmaq imkanı əldə edən M.Ə.Rəsulzadə öz təəssüratlarını “Tərəqqi” qəzetinin 1909-cu ilin mart-avqust saylarında dərc etdirmişdir. Cəmi 43 publisistik məqalədən ibarət olan bu yazılar “İran məktubları” rubrikası ilə verilmişdir.

Bu illərdə onun həyatında və siyasi ideallarının formalaşmasında Səttarxanla Təbrizdə və Tehranda olan görüşləri də mühüm rol oynamışdır. Azadlıq uğrunda mübarizədən bir an belə usanmayan Rəsulzadə İranın görkəmli ziyalılarından olan Seyid Həsən Təqizadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza, Mirzə Əbdülhəsən xan Vəhidülmülk, Şeyx Məhəmməd Xiyabani, Heydər Əmoğlu, Məhəmmədəli Tərbiyət və başqaları ilə birlikdə 1910-cu ildə İran Demokrat firqəsinin əsasını qoymuş, onun mərkəzi komitəsinə üzv seçilmişdir. Sosial-demokrat prinsiplərinə söykənən partiyanın İranın 3 qabaqcıl firqələrindən birinə çevrilməsində M.Ə.Rəsulzadənin də böyük xidmətləri olmuşdur.

Rəsulzadə bu dövrdə “İrani-nou” qəzetinin əsasını qoymuşdur (qəzetin ilk sayı 25 iyul 1909-cu ildə çapdan çıxmışdır). Qəzet 27 oktyabr 1910-cu il tarixindən etibarən partiyanın rəsmi orqanına çevrilmişdir. “İrani-nou” qəzetinin imtiyaz sahibi Seyid Məhəmməd Şəbüstəri (Əbu Ziya), baş redaktoru isə Rəsulzadə idi. Nəşr İranda Avropa mətbuatı səpkisində işıq üzü görən ilk qəzet idi. Gündəlik nəşr olunan bu qəzet İran siyasi həyatına aydınlıq gətirən məqalələr çap edirdi.

İranda olduğu müddətdə M.Ə.Rəsulzadə “Etidaliyyun” firqəsinin təşkil olunması münasibətilə yazdığı “Tənqidi-firqeyi-etidaliyyun” əsərini 1910-cu ildə Tehranda farsca nəşr etdirmişdir. Ədib bu əsərində məşrutə pərdəsi altında istibdad rejimini həyata keçirmək məqsədi güdən, mühafizəkar, etidal, miyanə mövqeyi ilə cəmiyyətin inkişafına əngəl olan “Etidaliyyun” firqəsini kəskin tənqid etmişdir.

M.Ə.Rəsulzadə Tehranı tərk etdikdən sonra əvvəlcə Bakiya qayıtmış, lakin burada təzyiq və təqiblərlə qarşılaşdığından İstanbula getmişdir. Onun İranı tərk etməsi “İrani-nou”nun fəaliyyətinə təsirsiz qalmır. Qəzet bir müddət sonra nəşrini dayandırmalı olur.

M.Ə.Rəsulzadənin Tehranı tərk etməsi İranda demokratik proseslərin cərəyan etməsinə də öz təsirini göstərir. İctimai-siyasi və ədəbi fəaliyyətini Türkiyədə davam etdirən Rəsulzadə 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” dərgisi ilə əməkdaşlıq etmişdir. M.Ə.Rəsulzadənin dərgidə çap olunmuş yazıları içərisində “İran türkləri” silsilə məqalələri daha çox diqqəti cəlb edir. Məqalələrdə Güney Azərbaycanın coğrafiyası və əhalisi, məişəti və mədəniyyəti barədə türk oxucularına geniş və ətraflı məlumat verilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button