AzərbaycanDünya

“AVROPA VƏ UKRAYNANIN 2 SEÇİMİ VAR” – Hər ikisi də Azərbaycana bağlıdır

Avropanın energetika nazirləri Ukraynadakı müharibənin üçüncü qışına girdiyi bir vaxtda hələ də Ukrayna ərazisindən tranziti davam edən Rusiya təbii qazının idxalını müzakirə edəcək.

“Aznewstv” xəbər verir ki, “Bloomberg” nəşrinin yazdığına görə, Ukrayna ərazisindən qaz tranzitini davam etdirmək üçün iki variant var və onların hər ikisi Azərbaycana bağlıdır.

Nəşr qeyd edir ki, hazırda iki variant nəzərdən keçirilir, lakin hələlik razılıq əldə olunmayıb: “Bu gün Lüksemburqda keçiriləcək görüşdə 27 ölkənin nazirləri regionun qışa nə dərəcədə hazır olduğunu müzakirə edəcəklər, çünki Moskva ilə Kiyev arasında əsas qaz tranziti sazişi dekabrın 31-də başa çatır. Enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti artıq bloku yeni qaz mənbələri axtarmağa vadar edib. Bu, eyni zamanda enerji qiymətlərinin artmasına və regional şəbəkəyə təzyiqlərə səbəb olub”.

“Bloomberg” qeyd edir ki, Avropa qaz istehlakını azaltmaq və bərpa olunan mənbələrin genişləndirilməsini sürətləndirmək hesabına Rusiyanın enerji mənbələrindən asılılığını daha da azaltmalıdır. Bununla yanaşı, hələ ki, Ukrayna boru kəməri Avropanın Rusiyadan enerji daşıyıcıları alışını həyata keçirdiyi iki marşrutdan biridir.

İki seçim

Nəşr bildirir ki, Rusiyadan Ukrayna ərazisilə tranzit axınlarının marşrutunun dəyişdirilməsinə dair danışıqlar davam edir. Ukrayna birbaşa Rusiyadan qaz alaraq Avropaya ötürmək istəmir. Əvvəlki müqavilənin başa çatmasına isə üç aydan az vaxt qalıb. “Blooomberg” yazır ki, həm Kiyev, həm də Moskva Azərbaycanı cəlb edə biləcək həll yolu tapmağa hazır olduqlarını bildiriblər: “Məsələ ilə tanış olan anonim mənbələr bildiriblər ki, son qərarın son anda, hətta gələn ilin əvvəlində veriləcəyi gözlənilir. Slovakiya Avstriya ilə birlikdə Ukraynadan tranzit axınlarının əsas alıcısıdır və bu marşrutdan istifadə etmək istəyirlər. Müzakirə olunan variantlardan biri Rusiyanın tədarükçü kimi Azərbaycanla əvəzlənməsidir. Lakin bunun necə işləyəcəyi ilə bağlı təfərrüatlar qeyri-müəyyən olaraq qalır. Məhdud qaz tədarükünü nəzərə alaraq, Azərbaycandan Avropaya ixrac Rusiya ilə mübadilə tələb edəcək və belə bir razılaşma siyasi baxımdan mübahisəli olacaq”.

Nəşr yazır ki, digər variant Azərbaycanın “SOCAR” şirkətinin “Qazprom”-un rolunu öz üzərinə götürərək qazı Avropaya satmasını və ya şirkətin Ukrayna ərazisindən tranzit təşkil etməsini nəzərdə tutur: “Mənbələrin bildirdiyinə görə, Ukraynanın böyük boru kəməri sistemində stabil qaz nəqlinin lazım olan səviyyəyə çatması üçün həcmin təxminən 10-11 milyard kubmetr olması lazımdır. Daha aşağı səviyyələr əlavə qazın vurulması zərurəti deməkdir ki, bu da əməliyyatı səmərəsiz edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen keçən ay deyib: “Ukrayna boru kəməri ilə nə edəcəyinə özü qərar verməlidir, ona görə də bu, həm də onun məsuliyyəti və hüququdur”.

Rusiya və Ukrayna arasında qaz tranziti ilə bağlı mübahisələr hər zaman olub və hətta uzaq 2006 və 2009-cu illərdə tədarükün iki dəfə kəsilməsinə səbəb olub. Ona görə də “Bloomberg” yazır ki, Rusiya etibarsız təchizatçıdır: “Ötən onilliklərdə iki ölkə arasında razılaşmaların müzakirəsinə kömək edən Avropa Komissiyası bu dəfə heç bir danışıqlara kömək etmir. O, dəfələrlə bildirib ki, Avropa Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına öz enerji təhlükəsizliyini riskə atmadan tab gətirə bilər. Aİ-nin qaz ehtiyatları doludur və Ukrayna marşrutu ilə axınlar hazırda qitənin təchizatının 5%-ni təşkil edir. Bununla belə, Slovakiya və Avstriya kimi ölkələr üçün yeni idxalçıların tapılması daha yüksək qiymətlər demək ola bilər ki, bu da məqbul və populyar qərar deyil”.

Onu da əlavə edək ki, Ukrayna ərazisindən Avropaya təbii qaz nəqlində Avropa ilə yanaşı, həm də rəsmi Kiyevin özünün iqtisadi maraqları var. Bu baxımdan Ukrayna bu sahədə Azərbaycanla əməkdaşlıqda olduqca maraqlıdır. Baxmayaraq ki, bir müddət əvvəl bu ölkədə Azərbaycanın “SOCAR” şirkətinə qarşı bəzi KİV-lərdə geniş kampaniya həyata keçirilmişdi…

Related Articles

Bir cavab yazın

Back to top button