Azərbaycan

Abbas Lisani Ərdəbil Ədliyyə-Tibb Mərkəzinə göndərilib

Bu barədə Lisani ailəsi ilə telefon danışığı zamanı məlumat verib.

Ərdəbil zindanında 15 illik məhkumluq dövrünü yaşayan siyasi məhbus Abbas Lisani yanvarın 24-də ailəsi ilə qısa telefon danışığı zamanı müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbil şəhər Ədliyyə Tibb Mərkəzinə göndərildiyini deyib.

Bu, ikinci dəfə olaraq siyasi məhbusun MRT müayinəsinin nəticələri və təcili bel diski əməliyyatına ehtiyacı olduğu barədə tibbi sübutların zindana göndərilməsindən sonra baş tutub.

Bundan öncə Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bir müddət əvvəl şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin “Fatimi” xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Oktyabrın 21-də Abbas bəy təhlükəsizlik və polis məmurlarından ibarət üç avtomobilin müşayiəti ilə MRİ testləri üçün klinik terapiya mərkəzlərindən birinə aparılıb və orada siyasi məhbusdan analizlər götürülüb.

Siyasi məhbus uzun müddətdir ki, müxtəlif xəstəliklərdən, o cümlədən onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir və təhlükəsizlik orqanlarının onun işinə müdaxiləsi nəticəsində düzgün müalicəsi üçün şərait yaradılmır, tibbi məzuniyyətə buraxılmır.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button