
İğdır-Naxçıvan kəmərinin tikintisinin başa çatması Azərbaycan və Türkiyəyə hansı dividendlər gətirəcək? Regionun enerji siyasətində Bakı-Ankara tandemi nəyi hədəfləyir?
türkiyəli politoloq Hüsammədin İnanc deyib ki, İğdır-Naxçıvan kəmərinin tikintisinin başa çatması mühüm hadisədir:
“Bu, xüsusilə Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığını daha da inkişaf etdirəcək. Həmçinin təbii qazın tədarükünün zənginləşdirilməsi baxımından da Türkiyə üçün vacib məsələdir.
Hər şeydən öncə bu qaz kəməri Naxçıvanın İrandan qaz asılılığına son qoyacaq. Məlum olduğu kimi, Azərbaycan Naxçıvanın qaz tədarükünü İran üzərindən həyata keçirirdi. Bu isə ehtimal gərginlik anında Tehranın əlində “kozır” kimi qalırdı. İğdır-Naxçıvan kəməri İranın bu təzyiq rıçağını əlindən alacaq.
Azərbaycan və Türkiyə son illərdə mühüm sazişlər imzalayıb. Xüsusilə enerji məsələlərini özündə ehtiva edən bu sazişlərin başlıca məqsədi bölgənin enerji təminatını region ölkələri ilə əməkdaşlıqla həll etməkdir.
İğdır-Naxçıvan qaz kəməri Bakı-Ərzurum və TANAP kimi layihələrin son birləşdirici nöqtəsidir. Bununla da tərəflər həm də Avropanın enerji təminatında mühüm rola malik olacaq”.
İqtisadçı İlham Şabanın sözlərinə görə, İğdır-Naxçıvan qaz kəməri Muxtar Respublikanın enerji təhlükəsizliyini təmin etmək və qaz təchizatını şaxələndirmək baxımından böyük əhəmiyyətə malikdir:
“Bu kəmər Naxçıvanın bir mənbədən asılılığını aradan qaldıraraq, enerji təminatını daha etibarlı edəcək. Çünki müstəqillikdən sonra Ermənistanın Azərbaycan ərazi iddialı siyasəti ölkələr arasında əlaqələri mümkünsüz etdi və nəticədə Naxçıvanın ölkənin əsas ərazisi vasitəsilə enerji təminatı dayandı. Ancaq 2005-ci ilin noyabrında Azərbaycan İran vasitəsilə Naxçıvanın qaza tələbatını ödəmək imkanı əldə etdi. Bununla belə, İran öz ərazisindən svob (dəyiş-düyüş) müqavilə ilə Naxçıvana qaz göndərilməsinə görə böyük xidməthaqqı aldı və almaqda davam edir. Azərbaycanın göndərdiyi qaz həcmlərinin 15%-ni İran natural şəkildə özünə götürür. Rəsmi Bakının müraciətlərinə baxmayaraq, İran xidməthaqqını azaltmadı. Buna görə də Azərbaycan və Türkiyənin 2020-ci ilin dekabrında anlaşması nəticəsində Naxçıvanın enerji blokadasından çıxarılması yönündə ilk addımlar atıldı”.
Siyasi şərhçi Asif Nərimanlı da hesab edir ki, İğdır-Naxçıvan kəmərinin inşasının əsas hədəfi Naxçıvanın təbii qazla təminatındakı asılılığı aradan qaldırmaqdır:
“İndiyə qədər muxtar vilayətin təminatı İranla svob müqaviləsi – mübadilə əsasında təmin olunur. Bu, strateji baxımdan risklidir, xüsusilə 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiv siyasəti bu təhlükəni açıq şəkildə ortaya çıxardı. Azərbaycanın əsas hədəfi Zəngəzur dəhlizi ilə Naxçıvana çıxış əldə etməkdir, bu layihədə enerji kəmərlərinin çəkilməsi də var.
Lakin Naxçıvanın enerji təhlükəsizliyini bir layihəyə bağlamaq da olmaz, bu baxımdan, İğdır-Naxçıvan kəməri muxtar vilayətin alternativ və daha təhlükəsiz enerji təminatını həyata keçirməyə imkan verəcək. Zəngəzur dəhlizi layihəsi reallaşarsa, bu istiqamətdə də kəmərin çəkilməsi planlardan biridir.
Burada əsas məsələ təkcə Naxçıvanın enerji təhlükəsizliyinin İrandan asılı olması və Tehranın bundan Bakıya qarşı kart kimi istifadə etməsi də deyil. Bu, həm də gələcəkdə baş verə biləcək hadisələrin proqnozundan da asılıdır. Çünki İran ətrafında vəziyyət istənilən an gərginləşə bilər və proseslər baş verə biləcək gərginliyin daha genişmiqyaslı ola biləcəyini deməyə əsas verir.
Bu kimi ssenarilər də muxtar vilayətin enerji təhlükəsizliyini sual altında qoya bilər. Bu baxımdan, İğdır-Naxçıvan kəməri strateji əhəmiyyətli layihədir”.