
Güney Azərbaycanın Zəngan şəhərindən olan tanınmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin həyat yoldaşı Tağı Rəhmani özünün social media hesabında etdiyi paylaşımında yoldaşına qarşı tətbiq ediləcək cəzanın rəsmi olaraq elan edildiyini yazıb.
Onun yazdığına görə, xanım Məhəmmədinin 8 il 2 ay həbs, 70 şallaq zərbəsi və ictimai fəaliyyətlərdən məhrum edilməsini bildirən rəsmi bildiriş zindanda ona elan olunub.
Nərgiz Məhəmmədi daha əvvəl nəfəs çatışmazlığı səbəbindən Vəramin şəhərindəkii Qərçək zindanından xəstəxanaya aparılmışdı.
Tağı Rəhmaninin sözlərinə görə, onun həyat yoldaşı fevralın 19-da ürək damarlarından birinin tıxanmasına baxmayaraq müalicə olunmadan xəstəxanadan zindana qaytarılıb.
“Qərçək zindanı işgəncə yeridir. Nərgizin oraya qaytarılması ondan qısas almaq məqsədi daşıyır”-deyə, Tağı Rəhmani paylaşımında yazıb.
Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib.
Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.