Söhbət Azərbaycan türkü olan İran diplomatı Abdul-Hüseyn Sərdari Qacardan gedir. O, 1789-1925-ci illərdə İrana hakim olmuş türk Qacar soyundan gəlirdi.
İran səfirinin Parisi tərk etməsindən sonra ölkəsinin diplomatik işlərinin icraatı bütövlüklə 26-yaşlı soydaşımızın çiyinlərinə düşür.
Bu zaman almanlar və onların fransız əlaltıları ölümə və ya toplama düşərgələrinə göndəriləcək yəhudiləri tapmaq üçün Fransanı qarış-qarış axtarırdılar.
Parisdə yaşayan təxminən 150 nəfərə yaxın İran, Əfqanıstan və Özbəkistan (Buxara) yəhudiləri, şəhərin şimalı hissəsi işğal edildikdən sonra özlərini almanlara və kollaborasionist Vişi hakimiyyətinə “cuquti” kimi təqdim edirdilər.
“Cuquti” adətən dini ayinlərini evlərində keçirən və sənədlərdə müsəlman kimi qeyd edilən İran yəhudiləri idi.
1940-ci ilin sentyabr ayında işğalçı qüvvələrin komandanlığı bütün yəhudiləri polis idarələrində qeydiyyatdan keçməyə məcbur edir.
Bunu görən Sərdari Qacar gecikmədən Vişi hökümətinə məktub ünvanlayır.
Məktubda məzmunu belə idi:
“Cuqutilər assimilə edilmiş farslardır və heç bir halda yəhudi sayıla bilməzlər. Mərkəzi Asiya cuqutiləri yəhudi icmasına yalnız evlərində keçirdiyi dini ayinləri səbəbindən aid edilə bilər. Lakin qan və dil baxımından onlar ətraflarında yaşayan farslardan və özbəklərdən fərqlənmirlər”.
“Arilik” ideyasını baş tacı etmiş nasistlərə cuqutilərin ari irqinə mənsub olduqlarını sübut edən Sərdari Qacar almanları, belə demək olarsa, “öz qurduqları oyunda udur”.
Beləliklə, soydaşımızın göstərişi ilə yəhudilərə İran pasportu verilməyə başlayır.
Nəticədə, Sərdari Qacarın həyatı üçün təhlükəli saddımları sayəsində 3 mindən çox yəhudi soyqırım dəhşətindən qurtulur və Avropanı tərk etməyə müvəffəq olur.
Lakin diplomatın həyatı o qədər də xoşbəxt olmur. Sevdiyi və ailə həyatı qurmaq istədiyi çinli opera müğənnisinin Çinə səyahəti zamanı itməsi Sərdari Qacara böyük zərbə olur.
1950-ci illərin əvvələrində isə o İranda “dövlətin tələblərini yerinə yetirməmək və Parisdə vəzifəsindən sui-istifadə etmək” səbəindən təzyiqlərə məruz qalır.
Nəticə onu diplomatik fəaliyyəti buraxmağa məcbur edirlər və Sərdari Qacar Böyük Britaniyaya köçür və 1981-ci ildə burada yoxsulluq içində dünyasını dəyişir.
O heç vaxt etdiyinin əvəzini istəməmişdir. 1978-ci ildə Yad Vaşem ona müraciət etdikdə Sərdari Qacar bir İran konsulu kimi Parisdə bütün iranlıları, həmçinin İran yəhudilərini xilas etməyin onun borcu olduğunu bildirmişdi.
2004-cü ildə Sərdari Qacar xilas etdiyi əksər yəhudilərə ev olmuş Los-Ancelesdə yerləşən Simon Vizental Mərkəzinin mükafatına layiq görülür. Bununla birgə, bir çox yəhudi təşkilatları bu hünərli azərbaycanlının əməllərini təsdiq edib qiymətləndirir.
Yəhudi yazar Milix Yevdayev JEWISHJOURNAL dərgisində çıxan Sərdari Qacara həsr olunmuş məqaləsində yazır:
“Ümid edirəm ki, Simon Vizental Mərkəzi və ABŞ Memorial Holokost Muzeyi Sərdari Qacara ədalətli davranaraq, onun azərbaycanlı olduğunu qeyd edəcəklər.
Minilliklər boyunca yəhudilərin azərbaycanlıların arasında sülh və qarşılıqlı etimad şəraitində yaşamasını nəzərə alaraq, Sərdari Qacar azərbaycanlı olduğunu vurğulamaq böyük əhəmiyyət daşıyır. Onun yəhudilərə qarşı etdiyi, kim olduğunun və haradan gəldiyinin bariz nümunəsidir. Onun damarlarında azərbaycanlı qanı axır, yediyi çörəyi, gördüyü tərbiyyəsi sayəsində insanlığı, insan həyatının dəyərini dini və etniki mənsubiyyətdən üstün tutmuşdur.
Etniki, dini və irqi nifrətin tüğyan etdiyi dünyada gözünü qırpmadan öz həyatını təhlükəyə ataraq minlərlə insanın həyatını xilas edən Sərdari Qacar kimi insanların hekayəsi nə vaxtsa insanlığın qalib gələcəyi dünyanın bərqərar olacağına ümidimizi gücləndirir”.
Aznews.tv