Dünya

“RUSİYALILARIN GÖZÜ AÇILIR…” – Kursk əməliyyatının effekti: əhalinin yarısı Ukraynadan “əl çəkməyin” tərəfdarıdır!

Rusiya cəmiyyəti hər nə qədər şovinizmə, imperiyaçılıq azarına, “daimi düşmən axtarışı”na alüdə olsa da, Ukraynada davam edən müharibədəki uğursuzluqlar onun iştahasını xeyli “rəndələyib”. Bunu nisbətən müstəqil sorğu mərkəzlərinin keçirdiyi ən son rəy sorğularının nəticələri də təsdiqləyir. Məlum olur ki, rusiyalılar arasında Ukraynaya qarşı işğalçılıq müharibəsini dəstəkləyənlərin sayı getdikcə azalır, müharibənin tezliklə danışıqlarla bitməsini istəyənlərin və səfərbərlikdən qorxanların sayı isə sürətlə çoxalır.

“Aznewstv” xəbər verir ki, Rusiyanın nisbətən müstəqil hesab edilən “Xronika” və “Extreme Scan” tədqiqat layihələrinin birgə keçirdiyi yeni sorğunun nəticələri açıqlanıb. Nəticələr sensasiyalı hesab oluna bilər. Çünki bu nəticələr müharibənin xüsusilə də son zamanlar rusların ictimai şüurunda mühüm dəyişikliklərə səbəb olduğunu göstərir.

Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin 49% -i, yəni, tam yarısı “xüsusi hərbi əməliyyat”ın məqsədlərinə çatmadan belə, Ukraynadan rus qoşunlarının çıxarılmasını və Kiyevlə sülh danışıqlarını dəstəklədiklərini bildiriblər. Bu o deməkdir ki, rusiyalıların yarısı nəinki müharibəni saxlamağın, dondurmağın, hətta ümumiyyətlə, “Ukarynadan əl çəkməyin” və qoşunları bu ölkədən çıxarmağın tərəfdarıdır. Qeyd edək ki, rusların ictimai şüurundakı dəyişiklik dinamikası birdən-birə ortaya çıxmayıb. Məsələn, elə eyni mərkəzlərin bu ilin fevralında keçirdiyi sorğuda respondentlərin 53 faizi Ukraynadakı müharibəni dəstəkləyirdi. Martda isə həmin rəqəm 46 faizə enmişdi. Bu da ölkədə keçirilən “prezident seçkiləri” və orada prezidentliyə namizədliyini irəli sürən Boris Nadejdinin açıq anti-müharibə ritorikası ilə əlaqələndirilirdi. Lakin “Krokus siti”-də baş verən terror aktından sonra aprel ayında müharibəni dəstəkləyənlərin sayı kəskin artaraq 61 faizə çatdı. Bu da Kremlin təbliğat maşınının terror aktına görə məsuliyyəti Ukraynanın üzərinə atması ilə əlaqələndirilirdi. İndi isə bu göstərici az qala yarıbayarı azalıb.

Yuxarıda qeyd edildiyi kimi, ilk dəfə qoşunların Ukraynadan çıxarılmasını dəstəkləyənlərin faiz göstəricisi 49-a çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 39 faiz olub. Maraqlıdır ki, son sorğunun nəticələrinə görə 49 faiz qoşunların çıxarılmasına tərəfdar olarkən, heç də qalan 51 faizin hamısı müharibənin davam etdirilməsini istəyənlər deyil. Qalanların yalnız 33 faizi qoşunların çıxarılmasının əleyhinədir, 18 faizi isə cavab verməkdə çətinlik çəkib. Bu o deməkdir ki, rusiyalıların yalnız 3-də 1-i işğalı dəstəkləyir…

 

 

O da maraqlıdır ki, müharibəyə dəstəyin azalması Rusiyanın son zamanlar Donbassdakı müəyyən irəliləyişləri fonunda baş verir. Yəni, rus ordusunun kiçik nailiyyətləri qətiyyən Rusiya cəmiyyətini müharibəyə həvəsləndirmir, əksinə, kütləvi itkilər, müharibənin mənasızlılğı və Rusiyaya vurduğu fundamental zərbələr daha çox dərk olunmağa başlayır. Görünən həm də odur ki, hətta Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin bir hisəsini ələ keçirməsi belə ruslar arasında “qəzəbi” və patriotizmi artırmayıb, əksinə, narahatlığı və ümidsizliyi çoxaldıb. Həmçinin, müharibəni dəstəkləyənlərin faizini azaldıb. Məhz Kursk əməliyyatından sonra hətta “Levada” və Kremlə yaxın digər sorğu mərkəzləri belə Putinin reytinqində kəskin azalma olduğunu etiraf ediblər. Həmçinin, bu əməliyatdan sonra Rusiyada səfərbərliyin qaçılmaz olduğunu düşünənlər və bunu istəməyənlərin sayı da kəskin artıb.

Yeri gəlmişkən, respondentlərin yalnız 29%-i yeni səfərbərlik dalğasının tərəfdarıdır. Rusların 32%-i çağırış gəlsə müharibədə iştirak etməyə razıdır. Əlbəttə ki, həmin 32 faizin belə, reallıqda hansı hissəsinin doğrudan da müharibəyə getmək istədiyi böyük sual altındadır. Bu göstəricinin özü də rusların yalnız üçdə birinin müharibəni dəstəklədiyini göstərir. Bu, onu da göstərir ki, Kremlin total müharibə təbliğatı, “qorxu maşını”, yalan informasiya kampaniyaları, kütləvi repressiyaları və s. belə, rusların yarıdan çoxunu Ukraynaya qarşı müharibənin rasionallığına, ədalətliliyinə inandıra bilməyib… Ruslar müharibəyə gedənlər haqqında da o qədər yüksək fikirdə deyillərmiş. Rəyi soruşulanların 37%-i əmindir ki, müharibəyə gedənlər maddi problemlərini həll etmək istəyənlərdir və yalnız 24% hesab edir ki, onlar “vətəndaşlıq borcunu” yerinə yetirirlər.

Sorğuda digər maraqlı məqam rusların Kursk vilayəti ilə Donbass arasında qoyduqları fərqə aiddir. Məlum olub ki, Kursk vilayətində baş verən hadisələr respondentləri Rusiya qoşunlarının Donbassdakı uğurlarından daha çox düşündürür və narahat edir. Rusiyalılardan soruşublar ki, hansı daha vacibdir – Ukrayna ordusunun Kursk vilayətindən çıxarılması, yoxsa Donetsk vilayətində yeni ərazilərin ələ keçirilməsi? 53% Kursk vilayətinin azad edilməsinə üstünlük verib, yalnız 15% isə Ukraynada yeni torpaqların işğalını daha vacib sayıb. Yəni, az qala yalnız 10 rusiyalıdan biri yeni torpaqların işğalına can atır, əhalinin yarıdan çoxunu isə öz torpaqları – Kursk maraqlandırır. Yəni, Putin təbliğatının Donbasın rus torpağı olmasına və “vətən uğrunda döyüşə” çağırmağa yönələn bütün təbliğat əməliyyatlarına rəğmən, rusların yarıdan çoxunun Donbası öz ərazisi hesab etmədiyi və onun uğrunda döyüşmək üçün əldən-ayaqdan getmədiyi təsdiqlənir…

 

 

Ümumiyyətlə, Kursk əməliyyatının effektivliyi sırf hərbi baxımdan müzakirə və mübahisə predmeti olsa da, onun siyasi uğuru danılmazdır. Bunu rusiyalı politoloqlar və sosioloqlar da etiraf edirlər. Çünki bu əməliyyat Putin hakimiyyətinin bacarıqsızlığı, Rusiya ərazilərini qoruya bilməməsi ilə yanaşı, öz evlərindən didərgin düşən əhaliyə qarşı etinasızlığını, ona sahib çıxmadığını da çılpaq şəkildə ortaya qoydu.

Yuxarıda qeyd edilən sorğunun təşkilatçısı “Extreme Scan”-ın analitiki Yelena Koneva nəticələri şərh edərkən maraqlı fikirlər səsləndirib. O, deyib ki, bu sorğu “rusiyalıların gözlərinin açıldığını göstərir”: “Kursk əməliyyatından sonra insanlar gördülər ki, sərhəd qorunmur. 2 il yarımdır Rusiya Silahlı Qüvvələrinin yenilməzliyi barədə bütün deyilənlər təsdiqlənmədi. Təkcə Kursk vilayətinin və digər sərhəd ərazilərin sakinləri deyil, bütün rusiyalılar gördülər ki, insanlar müdafiəsizdirlər, hakimiyyət tərəfindən müdafiə olunmurlar, normal evakuasiya yoxdur, insanlara dəstək yoxdur, yerli məmurlar qaçırlar və sair. Bütün bunlardan sonra insanlar başa düşdülər ki, müharibə ilə təkbətək qala bilərlər”.

Bəli, rusiyalı mütəxəssis hesab edir ki, “rusların gözü açılıb”. Mübahisəli nəticədir – doğrudanmı açılıb?

Related Articles

Bir cavab yazın

Back to top button