Dünya

Cənubi Koreya və Ukrayna 2,1 milyard dollarlıq kreditlər üzrə çərçivə sazişi imzalayıb

Koreya Respublikası və Ukraynanın maliyyə nazirləri Çxve San Mok və Sergey Marçenko Vaşinqtonda Kiyevə 2,1 milyard dollarlıq güzəştli uzunmüddətli kreditlərin verilməsi ilə bağlı çərçivə sazişi imzalayıblar.

Bu barədə Cənubi Koreyanın Planlaşdırma və Maliyyə Nazirliyi xəbər yayıb.

“Xüsusilə, İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun xəttilə hazırkı çərçivə sazişinin bağlanması ilə 2,1 milyard dollarlıq orta və uzunmüddətli kreditlərin verilməsi üçün hüquqi əsaslar qoyulur. Tərəflər Ukraynanın bərpasına və inkişafına kömək edə biləcək layihələri birlikdə araşdırmağa razılaşıblar”, – Seulda bildirilib.

Vəsaitlərin ayrılacağı İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu 1987-ci ildə Koreya Respublikası tərəfindən təsis edilib.

Çxve San Mok xatırladıb ki, Koreya Respublikasının Prezidenti Yun Sok Yol 2023-cü ilin sentyabrında Kiyevə 2,3 milyard dollar ayrılacağını elan edib. Vəsaitin 200 milyon dolları bu il humanitar yardıma yönəldiləcək. Cənubi Koreyanın maliyyə naziri Ukrayna ilə iqtisadi əməkdaşlığın gücləndirilməsinə ümid etdiyini bildirib və Koreya Respublikası şirkətlərinin Şərqi Avropa ölkəsinin bərpasında fəal iştirak edə bilməsi üçün yardım istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button