![](https://www.aznews.tv/wp-content/uploads/2024/04/msg-1001753520718-25079.jpg)
Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.
1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər. Bu hadisələr zamanı yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov doğma kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.