Bu gün Udmurtiyada yerli Dövlət Şurasının sessiyasının başlanması ərəfəsində bir kişi üstünə benzin tökərək yandırıb.
Aznews.tv xəbər verir ki, onun yanında udmurt xalqını xilas etmək tələbi yazılan pankartlar olub.
Pankartlardan birində “Əgər mənim dilim sabah öləcəksə, mən bu gün ölməyə hazıram” yazılıb.
https://youtu.be/IU56tHix5Eg
Məlum olub ki, özünü yandıran şəxs Udmurtiyanın əməkdar elm xadimi Albert Razin olub.
Hadisə yerinə gələn yanğınsöndürənlər odu söndürüblər, zərərçəkən isə həkimlərin gəlməsinə qədər sağ idi.
Albert Razini kritik vəziyyətdə xəstəxanaya aparıblar. Onun bədəninin 100%-i yanıb.
Aldığı yaralardan A.Razin xəstəxanada keçinib.
Albert Razinin 79 yaşı var idi. O fəlsəfə elmləri namizədi, dosent, Udmurtiyanın əməkdar elm xadimi, “Udmurt Keneş” milli hərəkatının fəal üzvü və “Todosçu” alimlər klubunun üzvü idi.
Albert Razin Udmurtiyanın Dövlət Şurasının sədri Aleksey Prasolova və deputatlara Rusiya tərəfindən hazırlanan məktəblərdə qeyri-rus dilinin tədrisi ilə bağlı qanunlayihəsini dəstəkləməmək tələbli məktubu ünvanlayan alimlərdən biri idi.
Qeyd edək ki, Rusiyanın prezidenti Vladimir Putinin məktəblərdə doğma olmayan dillərin məcburi şəkildə öyrədilməsinin yolverilməz olması barəsində verdiyi bəyanatdan sonra rus dilindən başqa federasiyanın digər dövlət dillərinin tədrisi icbari məktəb proqramından xaric edilib.
Bu Volqayanı federativ fövlətlərdə narazılığa səbəb olub: Tatarstan, Başqırdıstan və Çuvaşiyada ictimaiyyət nümayəndələri buna qarşı çıxıblar, çünki bu qanunlayihəsi Rusiya Federasiyası xalqlarının dillərinin yox olmasını xeyli sürətləndirə bilər.
Qeyd etmək lazımdır ki, aparılan tədqiqatlar göstərib ki, 2002-dən 2010-cu ilədək Udmurtiyada udmurt dili bilənlərin sayı 8% azalıb.
Həmin 8 il ərzində isə tatar dilində danışanların sayı 1 milyon azalıb.
Yeri gəlmişkən, bu hadisədən sonra tatar dilinin və mədəniyyətinin qorunması istiqamətində fəaliyyət göstərən Qazanlı fəal Nail Nəbiulla Albert Razinlə bağlı piket keçirib. O əlində “Min!Bez (Mən!Biz)Albert Razin!. Yaşa qardaş! Tatarların duaları və ürəkləri səninlədir” yazılı pankart tutaraq Qazanın mərkəz meydanına çıxıb.
Aznews.tv