Təbriz, Ərdəbil, Urmu və başqa şəhərlərdə ekologiya və milli-mədəni sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.
İyulun 26-da təbrizli fəallar ictimai yerlərdə Urmu gölü mövzusunda çap edilmış yüzlərlə poster yayıblar.
Posterlərdə Urmu gölü fotosunun üzərində “Azərbaycan dur səs ver, Urmu gölünə nəfəs ver” məzmunlu sözlər yazılıb.
Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəgi altında kampaniyaya start verilib.
Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.
Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.