Dünya

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

Report-un məlumatına görə, Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub.

Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub.

O, həmçinin ABŞ-də “ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Prinstonda təhsilini başa vurduqdan sonra aldığı təkliflə 2005-ci ildə “Goldman Sachs”da karyerasına başlayıb. O burada 9 ilə yaxın işləyib və Maliyyə İnstitutları Qrupunun Analitika və Strategiyalar Departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, 2014-cü ildə “First Republic Bank”da baş investisiya direktoru vəzifəsində işə başlayıb. Erkan 2019-cu ildə idarə heyətinin sədri vəzifəsində Avqust-de Uayldı əvəzləyib.

Qaye Erkan həm də “Dünya” qəzetinin iqtisadiyyat sahəsində köşə yazarıdır. Onun indiyədək daimi yaşadığı yer ABŞ-nin Nyu-York şəhəri olub. Evlidir, bir oğlu var.

Related Articles

Bir cavab yazın

Back to top button