Azərbaycanİran

Fərid Səfərlinin yoxa çıxması birbaşa İran dövlətinin işidir

Bir gəncin həyatı haqsız yerə təhlükə altında qala bilməz

Elyar Kamrani: “Azərbaycan tərəfi nota vermək və öz vətəndaşının aqibəti ilə bağlı açıqlama tələb etməklə yanaşı, həm də İranın bu davranışını dünyada ifşa etməlidir”
  Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Səfərli fevralın sonunda İrana gedib və bir neçə gündən sonra yoxa çıxıb. Martın 9-da vətəndaşımızın itkin düşməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət daxil olub və bundan sonra İrana nota verilib. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, hazırda qarşı tərəfdən cavab gözlənilir. Nazirlik rəsmisi xatırladıb ki, 2023-cü il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməmək xəbərdarlığı edilib. 
 
  Fərid Səfərlinin anası Dilarə Əskərova bildirib ki, İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş. Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyyətcə fars olub və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb: “Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq”. Dünən də Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni bir məlumat yoxdur.
  Güney Azərbaycandan olan milli fəal, araşdırmaçı-jurnalist Elyar Kamrani “Şərq”ə açıqlamasında bildirib ki, müstəqil Azərbaycan Respublikası yaranandan indiyədək İran rejimi ölkəmizə qarşı düşmənçilik mövqeyində dayanıb və bunu gizlətməyib. Milli fəal deyib ki, İran hələ Birinci Qarabağ savaşı zamanı açıq-aşkar işğalçı Ermənistanı dəstəkləyib və müxtəlif yardımlar göstərib: “İran Ermənistana silah-sursat verməklə Qarabağın işğalına səbəb olmuşdu. Reallıq odur ki, Tehran hökuməti Azərbaycana düşmən gözündə baxır. Bütün siyasətləri Azərbaycanın və türkün əleyhinə yönəlib. Müxtəlif zamanlarda bunun şahidi olmuşuq. Xüsusən, 44 günlük Vətən müharibəsində İran öz niyyətini aydın formada ortaya qoydu. Güneylilərin sərt reaksiyası, etiraz aksiyaları Tehran rejimini yürütdüyü siyasətdən zahirən də olsa geri addım atmağa məcbur buraxdı. Ancaq Azərbaycanın qələbəsindən sonra İran tərəfi öz çirkin əməllərini sürdürdü. Sərhədimizdə hərbi təlimlər keçirərək Bakını təhdid etdi. İstədikləri vaxt Azərbaycanı işğal edə biləcəklərini dedilər. Tehrandakı səfirliyimizə edilən terror hücumu isə göstərdi ki, İran açıq fəaliyyətə keçib və bundan sonra rahat durmayacaq. İran rejimi Azərbaycan dövləti və türk xalqı əleyhinə bütün vasitələrdən istifadə edəcək. Gənc tələbə Fərid Səfərlinin İrana səfəri və yoxa çıxması təsadüfi hal, sıradan hadisə deyil. Bu onu göstərir ki, İranın təhlükəsizlik, ya da polis orqanları azərbaycanlı tələbəni girov götürüb. İran dövləti Fərid Səfərlinin taleyindən məsuldur. Tehran hökuməti hədəfinin konkret nə olduğunu açıq-aşkar bəyan etməlidir”.
 
  E.Kamrani vurğulayıb ki, İran dövləti adam oğurlamaqda çox mahirdir:
“Yəni başqa ölkələrin vətəndaşlarını rahatlıqla girov götürürlər və həmin hadisədən bir sıra məqsədləri, hədəfləri üçün istifadə edirlər. Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana getməklə bağlı xəbərdarlıq edib. Nəzərə alaq ki, güneylilərlə quzeylilər eyni millətdir, tarixi bağlılıqları, gediş-gəlişləri, tanışlıqları var. Kimsə müəyyən səbəblərdən məcburiyyətdən də İrana gedə bilər. İran rejimi çirkin əməlləri üçün vətəndaşlarımızı girov götürə, işgəncə edə, soydaşlarımızdan öz məqsədləri üçün yararlana bilər. Tələbə Fərid Səfərlinin yoxa çıxması birbaşa İran dövləti ilə əlaqəlidir. Azərbaycan tərəfi nota vermək və öz vətəndaşının aqibəti ilə bağlı açıqlama tələb etməklə yanaşı, həm də İranın bu davranışını dünyada ifşa etməlidir. Çünki bir gəncin həyatı haqsız yerə təhlükə altında qala bilməz”. (sherg.az)

Related Articles

Bir cavab yazın

Back to top button