Bölgəİran

Türkiyəli general İranın yardımdan imtinası haqda: “Bu, insanlıq adına yolverilməzdir!”

İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızıl Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.

Bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətindən bildirilib.
Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

“Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir”, – məlumatda bildirilib.

Məsələ ilə bağlı istefada olan türkiyəli general Yücel Karauz Musavat.coma danışıb. General qeyd edib ki, İranın bu cür addımı insanlıq baxımından yolverilməzdir: “İran dövləti hər zaman olduğu kimi qürur, təkəbbürlük, “mənim heç bir şeyə ehtiyacım yoxdur” tərzində davranış nümayiş etdirir və baş vermiş zəlzələyə görə Türkiyədən və ya Azərbaycandan gələcək insani yardımlara “yox”, ehtiyacının olmadığını deyir. Bu, insanlıq adına çox üzücü haldır.

Qeyd edim ki, baş verən zəlzələyə görə Türkiyədə də yardım çağırışları oldu. Lakin yardımların İrana getməsi, sərhədi keçməsi əlbəttə ki, yalnız dövlətin icazəsi ilə mümkündür. Xüsusilə də Xoyda yaşayan insanların etnik baxımından daha çox türk olması Türkiyədə həssaslıq yaradıb.

Lakin qeyd etdiyim kimi, İranın təkəbbür, müstəqil, heç bir şeyə ehtiyacı olmayan, öz-özünə yetə bilən dövlət imici yaratmağa çalışması oradakı insanları ac-susuz, soyuq havada evsiz-eşiksiz qalmasına, həlak olmasına səbəb olur.

Bu yolverilməz və qəbul edilməz davranışdır! Hesab edirəm ki, BMT və insan haqlarını qoruyan qurumlar bu məsələ ilə bağlı İrana təzyiq etməlidir ki, zəlzələdən əziyyət çəkən xalqa yardım edilsin”.

Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

Zəlzələdən zərərçəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər

Related Articles

Bir cavab yazın

Back to top button