ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyalar tətbiq edib.
Aznews.tv xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb.
“Zərif Tehranın nüvə proqramını dəstəkləyən təbliğatın və dezinformasiyanın yayılmasının, həmçinin ballistik raketlərin və terror şəbəkəsinin yaradılmasının başında durur. Bundan əlavə, Zərif iranlıların rejim tərəfindən təqib edilməsin dəstəkləyir”, – deyə məlumatda qeyd olunur.
ABŞ höküməti M.C.Zərifi İranın normal və adekvat rəsmi təmsilçisi saymır.
Ağ Evdə qeyd ediblər ki, İran ABŞ və onun müttəfiqlərinə qarşı təhdid doğuran xarici siyasətini dəyişmədikcə sanksiyalar davam edəcək.
Öz növbəsində, M.C.Zərif Twitter hesabı vasitəsi ilə sanksiyaların ona və ailəsinə təsir etməyəcəyini bildirib.
“Mənim İranın xaricində nə mülküm, nə də maraqlarım var. Sağ olun ki, məni öz gündəliyiniz üçün böyük təhdid sayırsınız”, – deyə o, qeyd edib.
Xatırladaq ki, iyunun sonu ABŞ İranın ali ruhani liderinə qarşı sanksiyalar tətbiq edib.
Aznews.tv