
Təbriz Tibb Elmləri Universitetini və İran Tibb Elmləri Universitetini bitirib. Ümumi cərrahiyyə və ürək cərrahiyyəsi üzrə ixtisaslaşmış Pezeşkian İran–İraq müharibəsi zamanı həm əsgər, həm də həkim kimi çalışıb.
Seyid Məhəmməd Hatəminin birinci kabinetində Səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini kimi işləyib. İslam Şurasının 8, 9, 10, 11 və 12-ci dövrlərində parlamentdə Şərqi Azərbaycanın nümayəndəsi olub.
O, həmçinin 10-cu dövrdə parlamentdə türkdilli fraksiya rəhbəri təyin edilmişdi. Bu fraksiya türkdilli nümayəndələrin imkanlarından problemlərin həlli və türk bölgələrinin tarazlı inkişafı üçün istifadə etmək məqsədini daşıyırdı.
İslahatçı siyasi baxışı olan Məsud Pezeşkian deputat olarkən parlamentdəki çıxışlarında hakimiyyətin xarici və daxili siyasətini daim tənqid edib.
Pezeşkian, həmçinin İran–Türkiyə Dostluq Cəmiyyətinin üzvüdür.
Məsud Pezeşkian avtomobil qəzasında həyat yoldaşını və bir uşağını itirib və bundan sonra heç vaxt evlənməyib.
Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən millət vəkili Məsud Pezeşkianın da etirazına səbəb olmuşdu.