
Amerika tarxində prezidentlərə qarşı xeyli sayda sui-qəsd cəhdləri olub və bunun nəticəsində dörd prezident öldürülüb. Prezidentliyə namizədlər sırasından da öldürülənlər olub. 1968-ci ildə isə prezidentliyə namizədliyini irəli sürmüş Robet Kennedi (prezident Con Kennedinin qardaşı) seçicilərlə görüşü zamanı qətlə yetirilmişdi.
Ümumiyyətlə, Amerika mülki əhalinin əlindəki silahlara görə dünyada birinci yerdədir. Belə hesab edilir ki, hazırda ABŞ vətəndaşlarının əlində 400 milyondan artıq silah var. Demokratlar silah satışına qadağa qoyulması və ya silah alınmasına xüsusi məhdudiyyətlər tətbiq olunmasına çağırışlar etsələr də, Respublikaçılar bunun əleyhinə çıxırlar. Onlar deyirlər ki, silah əhalinin özünü müdafiəsi üçün əvəzedilməz vasitədir. Əlbəttə, Trampa qarşı silahlı hücumun səbəbini təkcə silah satışının sərbəstliyi ilə izah etmək məsələnin mahiyyətini ayrı yerə yozmaq olardı.

ABŞ-də cərəyan edən son səkkiz ildəki proseslərə nəzər yetirdikdə şübhəsiz ki, ağıllara ilk olaraq Trampın prezidentliyinin daha çox kimlərin maraqlarına cavab vermədiyi versiyası gəlir.
Bu gün ABŞ-də iki böyük qüvvə arasında gərgin mübarizə gedir və belə görünür ki, bu qarşıdurma daha da şiddətlənəcək. Prezidentliyə namizədlərin televiziya debatı zamanı Cozef Baydenin huşsuz, sönük çıxışı və davranışları Trampın qələbə perspektivini xeyli dərəcədə gücləndirmişdi. Demokratların müqəvvaya dönmüş Baydenlə seçkiyə getməsinin özündə də xeyli müəmmalar var. Ola bilər ki, onlar dörd il öncəki kimi seçkilərdə yenidən manipulyasiya etmək fikrindədirlər. Ya da ola bilsin ki, Demokratların “siyasi bürosu”na prezident kürsüsündə məhz Baydenin əyləşməsi sərf edir.

ABŞ-də prezident kürsüsü uğrunda gedən mübarizənin görünməyən tərəfləri var. Bəlkə də elə təsəvvür yarana bilər ki, Bayden və Tramp arasında gedən seçki yarışı sırf Demokratlar və Rspubliakaçıların mübarizəsdir. ABŞ-də çoxsaylı partiyalar fəaliyyət göstərsələr də, seçiklərdə real olaraq həmişə yalnız iki partiyanın nümayəndəsi yarışır. Bu iki siyasi gücün proqramları bir çox fundamental məsələlərdə bir-birindən kəskin fərqlənir.
Demokratlar sol partiya sayılsa da, nədənsə kapital dünyası onları dəstəkləyir. ABŞ-dəki böyük maliyyə qruplarının pulu hesabına çalışan iri televiziya kanalları və aparıcı qəzetlər Demokratlar partiyasının təbliğinə daha çox yer ayırırlar. Bilindiyi kimi, maliyyə qrupları dolların sərmayə gücü sayəsində bütün dünyanı demək olar ki, öz ağuşlarına alıblar və onlar üçün ABŞ artıq ikinci plana keçib. Dünyanın hər yanını bürüdükləri üçün beynəlxalq maliyyənin imkanları artıq qlobal xarakter alıb və elə bu səbəbdən də onları qlobalistlər adlandırırlar.

Qlobalistlərin planetar şəbəkəsi geniş və çoxşaxəlidir. Artıq sirr deyil ki, ABŞ Demokratlar partiyası onların ölkə daxilindəki qeyri-rəsmi təmsilçiləri rolunda çıxış edirlər.
Respublikaçılar isə mill dövlətin, milli sənayenin təmsilçiləri sayılırlar. Özlərini aşağı sosial təbəqənin, fəhlə sinfinin tərəfdarı kimi təqdim edən Demokratlar partiyasının əslində, maliyyə -bank korpusunun maraqlarına uyğun siysət yürütmələri çox maraq doğurur.

Bir fakta xüsusilə diqqət edək. Dünyanın maliyyə-bank sektorunun mərkəzi sayılan Nyu-York şəhərində 1924- ci ildən indiyədək keçirilən bütün prezident seçkilərində daim Demokratların namizədi qalib gəlib. Varlıların yaşadığı Manhetten rayonunda isə Demokratlar demək olar ki, 80 faizdən yuxarı səs alırlar.
ABŞ-dəki daxili çəkişmənin səbəbləri çoxdur. Tramp Amerikanın sənaye gücünü yenidən artırmaq fikrindədir. Bundan başqa, Amerikada demək olar ki, geniş istehlak malları istehsal olunmur və bu məhsullar əsas etibarı ilə Çindan idxal edilir. Ona görə də Respublikçılar bu sahənin də dirçəldilməsinə çalışırlar.

Trampın “Make America Great Again”(Amerikanı Yenidən Böyük Edək) şüarı təsadüfən seçilməyib. Tramp ABŞ-nin başqa ölkələrdən asılılığını azaltmağa çalışır və investisiya şirkətlərinin kənara yox, daxilə yatırım qoymasını tələb edir.
İlk baxışda belə görünə bilər ki, yuxarıda qeyd edilən maliyyə-iqtisadi qruplar burada nə itirir ki? Ancaq ABŞ-nin daxilndə sənayenin və istehsalın güclənməsi maliyyə sektorunu böyük pullardan məhrum edə bilər.
Mexanizm təxminən belə işləyir: ABŞ dövləti FRS-dən pul götürür və borclanmaqda davam edir, digər yandan isə banklar yığdıqları pul kütləsini əhaliyə kredit şəklində paylayırlar. Beləliklə, ölkədə istehlakçılar və banklara borcu olan nəhəng kütlə yaranır. Həmin pulların əksər hissəsi Çin, Avropa və dünyanın digər ölkələrindən məhsul alınmasına yönəldilir. Nəticədə ABŞ dünyanın istehlak mərkəzinə çevrilir və bu dövriyyə davam edir. Amerika isə sənaye gücünü itirir. Hazırda Çinlə ABŞ arasındakı ticarət balansı ciddi hesabla Amerikanın əleyhinədir. Amma buna baxmayaraq, pul axınına nəzarət edən bank sektoru bundan böyük məbləğlər qazanır.
Digər yandan,Tramp ABŞ-yə idxal olunan məhsulların gömrük tariflərini qaldıracağını vəd edir, çünki əgər daxildə istehsala vüsət veriləcəksə, onda bu tədbir mütləq lazımdır. Əks təqdirdə, ABŞ-nin yerli istehsalını xarici təsirlərdən qorumaq çətinləşər.
Bəs, Trampın izolyasiya siyasəti nədir?
Bu, Amerikanın imkanlarını, hərbi, elmi, texnoloji potensialını ölkə daxilində istifadə etməkdən ibarətdir. Məsələn, Tramp deyir ki, ABŞ nə üçün NATO-nun bütün ağırlığını öz çiyinlərində daşımalıdır, Avropa zəhmət çəkib öz hərbi büdcəsini qaldırsın. Tramp prezidentlik dönəmində Çin ilə gərgin ticarət mübarizəsinə girişmişdi, lakin bunu tam olaraq yerinə yetirməyə macal tapmadı. Pekində yaxşı bilirlər ki, Çinin ABŞ bazarlarına girişi məhdudlaşdırılarsa, vəziyyət xeyli kritikləşəcək.

Göründüyü kimi, əgər Tramp kapitalizmin mərkəzi sayılan ABŞ-nin dünya üzərindəki inhisarını azaldarsa, bu, ilk növbədə qlobalistlər adlandırılan beynəlxalq maliyyə qruplarına ziyan vuracaq. Ona görə ki, bu qrup üçün milli dövlət anlayışı yoxdur, onlar dünyanı vahid bazar qismində görürlər.
Respublikaçılar ilə Demokratlar arasındakı başlıca fikir ayrılığından biri də miqrant məsələsidir. Demokratlar sərhədlərin açılmasının və ölkəyə miqrant axınının yumşaldılmasını istəyirlər. Elə bu səbəbdən də Texas ştatının milli qvardiyası sərhədə nəzarət edən federalları qovmuşdular və bu, bütün ölkədə gərginliyə səbəb olmuşdu.
Əlbəttə, Trampa qarşı sui-qəsdin konkret olaraq kimlər tərəfindən və hansı məqsədlə törədilməsini söyləmək çətindir. Lakin ABŞ-dəki daxili dinamikanın xarakteri və son illərdə cərəyan edən hadisələrin təhlili mübarizənin milli dövlət və Amerikada mərkəzləşmiş beynəlxalq maliyyə korpusu arasında getdiyinə işarə edir.