
Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub.
Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.
Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin və Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.
Dünyaşöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Anceles, Polşa, Misir, İspaniya, İtaliya, Paris, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.
Onun Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixot” simfonik qravüraları, “Leyli və Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir.
O, çoxsaylı filmlərə, o cümlədən “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə” və digər filmlərə musiqi bəstələyib. Qırx il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma Vətənində torpağa tapşırılıb.