
Koronavirus pandemisi bir sıra alanlara əsaslı təsir göstərdiyi kimi, turizmin inkişafında da ciddi əngəllər yaradıb. Belə ki, hazırda Həmədanın turizm alanında böhran daha da kəskinləşib. Məsələ ilə bağlı turizm mütəxəssisi Şəkiba Kulivənd açıqlama verib. O, pandemi ilə ilgili olaraq restoran və kafelərin, nəqliyyat şirkətlərinin və b. alanların ciddi müşküllərə məruz qaldığını bildirib. Araşdırmalara əsasən, bu müddət ərzində Həmədanın turizm alanına 200 milyard tüməndən çox ziyan dəyib. Şəkiba Kulivəndin sözlərinə görə, Həmədan ekoturizm, idman turizmi, kənd turizmi və s. sahələrdə ölkənin batısında olan əyalətlərlə müqayisədə geniş imkanlara sahibdir. Turizm mütəxəssisinin fikrincə, mövcud böhranlı durumun aradan qaldırılması məqsədilə Həmədanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi baş idarəsi lazımi tədbirlərin icrasına başlamalıdır.