
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hökumətinin əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordusu daxil olaraq, müxtəlif silahlardan dinc əhalini kütləvi şəkildə qətlə yetirib. Nəticədə Bakı şəhərində və rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs edilib.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu qanlı faciə haqqında Güney azərbaycanlı şairlər Həsən Məcidzadə Savalan “Əzizlər, yandı ciyərim…”, İsmayıl Məhəmməd Sani Heriz “20 Yanvar”, Rövşən “Ellər ağlasın” şeirlərini qələmə alıblar.
Quzey Azərbaycanda baş vermiş Qanlı Yanvar hadisəsi Güney Azərbaycanda 1946-cı ildə Azərbaycan Milli Hökumətinin İran şahı tərəfindən devrilməsi ilə, şah qoşunlarının Azərbaycan əhalisinin böyük hissəsini öldürməsi ilə müqayisə edilir. Türk kökləri olmasına baxmayaraq, Məhəmməd Rza şah Pəhləvinin azərbaycanlıların milli varlığının məhv edilməsi istiqamətində apardığı siyasət nəticəsində həmin vaxt 25 min nəfərdən çox demokrat və milli qüvvələrin nümayəndələri güllələndi, 100 mindən çox adam sürgün edildi, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqibə məruz qaldılar.